23-24 may tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki
“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən
Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının
satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları
ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar
100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa
çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı
yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına
yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli
xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət
göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyducu,
selofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.