9-10 may tarixlərində Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı
ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək
göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini
sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer
iştirak edəcək. Onlar 120-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu
birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı
hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida
Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının
yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi
və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.