Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətində “İnsan hüquqlarının və
azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə
heyətinin sədrinin müşaviri Əşrəf Dadaşov bildirib ki, ölkəmizdə insan
hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin
olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Qeyd edib ki, hazırda prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam
etdirilir. Azərbaycanda normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq
standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi,
insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın
daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət yeni çağırışlara uyğun
olaraq həyata keçirilir.
Digər çıxış edənlər də Kənd Təsərrüfatı Nazirliyinin insan
hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət
barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.