Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat”
ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran
rayonunda Arıçılıq Muzeyinin açılışı olub.
Tədbirdə
kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Lənkəran Şəhər İcra
Hakimiyyətinin başçısının müavini Emin Quliyev, Aqrar Tədarük və Təchizat
ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, fermerlər, arıçılar və
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir
iştirakçıları Arıçılıq Muzeyində yaradılan şərait və görülmüş işlərlə yaxından
tanış olublar. Bildirilib ki, “Şəhərdən Kəndə” layihəsi kənd turizminin
inkişafına, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların
tanıdılmasına, yerli istehsalçıların dəstəklənməsinə və regionların iqtisadi
potensialının artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, layihə çərçivəsində
dəstəklənən təsərrüfatlar kənd həyatını, ənənəvi peşələri və yerli məhsulları
daha geniş auditoriyaya təqdim etməklə aqroturizmin inkişafında əhəmiyyətli
rol oynayırlar.
Daha
sonra arıçı Siyavuş Yaqubov arıçılıq fəaliyyəti, arıların ekosistemdə rolu və
Arıçılıq Muzeyinin yaradılmasının məqsədi barədə iştirakçılara ətraflı məlumat
verib. Bildirilib ki, muzeyin əsas məqsədi Azərbaycanda arıçılıq ənənələrinin
qorunması və gələcək nəsillərə ötürülməsi, bu sahənin təbliği, ziyarətçilərin
maarifləndirilməsidir. Muzeydə arıçılıq tarixini və bal istehsalı prosesini
nümayiş etdirən nümunələr və məlumatlandırıcı guşələr yer alır.
Daha
sonra qonaqlar təsərrüfatın həyətyanı sahəsinə baxış keçirib, arı yeşikləri və
arıterapiya evi ilə tanış olublar.
Tədbirdə
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanan
aşbazlıq və qənnadı məhsulları nümunələri nümayiş etdirilib. Mədəni proqram çərçivəsində
“Nənələr” folklor qrupu tərəfindən musiqili çıxışlar olub.