Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “II Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu” panel sessiyalarla davam edib. Panel
sessiyalarda dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, şirkət
rəhbərləri, fermer və sahibkarlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata
keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr,
aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı
ilə bağlı müzakirələr aparıblar.
Forumun
1-ci günündə “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf mövzusuna həsr
olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov
bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının müasirləşdirilməsi,
fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin
inkişafı istiqamətində mühüm addımlar atılıb. Nəticədə son 10 il ərzində kənd təsərrüfatı
məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının istehsalı
isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə
səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib.
Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı,
pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və
ixracatçıları sırasındadır.
Nazir Məcnun
Məmmədov vurğulayıb ki, müasir kənd təsərrüfatı texnologiya, elm, informasya,
maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayan iqtisadi fəaliyyət sahəsinə çevrilib. Bununla belə
qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki
dəyişikliklər və əhali artımı aqrar sahəyə yeni yanaşmaları zəruri edir. Nazir əlavə
edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2026-cı il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə ölkəmizdə aqrar
siyasətin növbəti mərhələsi müəyyən olunub. Dövlət Proqramının əsas prioritetlərindən
biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin
sürətləndirilməsi, başlıca məqsəd isə resurslardan daha səmərəli istifadə etməklə
məhsuldar, davamlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sisteminin
formalaşdırılmasıdır.
“AnewZ”
telekanalının aparıcısı Katio Vilsonun moderatorluğu ilə keçirilən panel
sessiyada çıxış edən Bolonya Universitetinin Kənd təsərrüfatı və qida elmləri
departamentinin professoru Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi
Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözel, “Agro
Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Aqrobiznes innovasiyası ərzaq
təhlükəsizliyi, diversifikasiya və kənd yerlərinin inkişafının hərəkətverici
qüvvəsi kimi”, “Məhsuldarlığın artırılması üçün texnologiyaların tətbiqi, dəqiq
kənd təsərrüfatı və dayanıqlı təsərrüfat təcrübələri”, “Emal imkanları, əlavə dəyər
yaradan istehsal və regional və qlobal ərzaq təchizat zəncirlərinə
inteqrasiya”, “Kənd təsərrüfatı, qida sənayesi və aqrotexnologiyalar üzrə
investisiya imkanları və beynəlxalq tərəfdaşlıqlar” mövzuları ilə bağlı fikirlərini
bölüşüblər.
Qeyd edək
ki, Kənd Təsərrüfatı Nazirliyi forumda xüsusi stendlə təmsil olunur. Nazirliyin
stendində aqrar sektorun investisiya potensialı, innovativ layihələr, müasir
aqrotexnologiyalar və kənd təsərrüfatında tətbiq olunan rəqəmsal həllər təqdim
edilib.
Stenddə Kənd
Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar
sahədə fəaliyyət göstərən startapların innovativ layihələri nümayiş etdirilib.
Təqdim olunan həllər süni intellekt və robot texnologiyalarının kənd təsərrüfatında
tətbiqi, dəqiq kənd təsərrüfatı, torpaq və bitki monitorinqi, su və digər
resurslardan səmərəli istifadə, heyvandarlıqda müasir texnologiyaların tətbiqi,
rəqəmsal idarəetmə və aqrar sahədə məlumatların təhlili kimi istiqamətləri əhatə
edib.
Bununla
yanaşı, stenddə aqrar sahədə həyata keçirilməsi nəzərdə tutulan perspektiv
investisiya layihələri və investisiya imkanları barədə məlumatlar təqdim
olunub. Xarici və yerli investorların diqqətinə aqrar istehsal, emal, bağçılıq,
heyvandarlıq və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları çatdırılıb.