Sentyabr ayının sonlarından etibarən Azərbaycanda
kütləvi pambıq yığımına başlanılıb. Saatlı rayonunun Fətəlikənd kəndində pambıq
yığımının gedişi ilə bağlı tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun
Məmmədov, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı
Nazirliyinin rəhbər və məsul şəxsləri, rayon icra hakimiyyəti strukturlarının
nümayəndələri, Nazirliyin tabeli qurumlarının əməkdaşları və pambıqçı fermerlər
iştirak ediblər.
Nazir Məcnun Məmmədov kombaynın sükanı
arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizator Yasin Zəhəddinovla
söhbət edib, mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə
maraqlanıb. 10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə
nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında
yaratdığı imkanlardan danışıb.
Yığımın start verildiyi fermer təsərrüfatının
rəhbəri Güləli Dursunov bildirib ki, 17 hektar sahədə yerləşən pambıq sahəsində
yığım ərəfəsində son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya
olunub. Aqrotexniki qulluq qaydalarına düzgün əməl olunması nəticəsində sahədə
bol məhsul yetişib. “Aqro-Az” MMC ilə müqavilə bağladığını deyən Güləli
Dursunov bu il pambıq sahəsində hər hektardan 50 sentner məhsul gözlədiyini
qeyd edib.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir
Bağırov rayonun pambıqçılıq sahəsində ölkənin qabaqcıl bölgələrindən biri
olduğunu, rayonda 12 min hektara yaxın sahədə pambıq əkildiyini, ötən il yüksək
məhsuldarlıq əldə edildiyini qeyd edib. Bu göstəricilərin fermerlərin zəhməti və
dövlət dəstəyinin nəticəsi olduğunu bildirən icra başçısı əlavə edib ki,
pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin
inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı
gözlənilir.
Fermerlərlə görüşdə nazir Məcnun Məmmədov Azərbaycan
Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər
üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə
toxunub. Nazir Məcnun Məmmədov qeyd edib ki, dövlət proqramında prioritet
istiqamətlərdən biri olan pambıqçılıqda ölkə başçısının tapşırıqlarına uyğun olaraq
son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına,
məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait
yaradıb. Nazir pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və
qarşıda duran əsas vəzifələrdən bəhs edib.
Görüşdə pambıqçılığın inkişafı ilə bağlı həyata
keçiriləcək tədbirlər barədə fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər
cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın
inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşüb, qarşıya qoyulan hədəflərə
nail olunması və pambıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində bütün
mövcud imkanların səfərbər ediləcəyini bildiriblər.