Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam,
Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda keçirilən 100-cü
Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək
mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Ötən ildən etibarən 12
iqtisadi rayon üzrə keçirilən panel müzakirələrin sayı Ağdamda təşkil olunan tədbirlə
25-ə çatıb.
Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Paneldə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və
Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov, “Agro Dairy” MMC-nin İdarə Heyətinin sədri və baş icraçı
direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” şirkətinin İdarə Heyətinin sədri və baş
icraçı direktoru Nəsib İslamzadə iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdamda keçirilən
Aqrar Biznes Festivalı xüsusi rəmzi məna daşıyır və 30 il ərzində işğal altında
qalmış, genişmiqyaslı dağıntılara məruz qalmış Ağdam Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə
olunmuş tarixi Zəfərdən sonra yenidən dirçəlir, Böyük Qayıdış çərçivəsində
insanlar öz doğma yurdlarına qayıdır, şəhər və kəndlərimiz yenidən qurulur.
Emin Hüseynov vurğulayıb ki, tarixən Qarabağın münbit torpaqları və zəngin
aqrar potensialı ilə seçilən, Azərbaycanın aparıcı kənd təsərrüfatı
rayonlarından biri olan Ağdamda keçirilən festival rayonun aqrar potensialının
yenidən canlandırılmasına, yeni tərəfdaşlıqların qurulmasına və investisiya
layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir
çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi,
rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata
keçirilir. Dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura
məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər
üçün Dövlət Proqramı”nda da aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi,
intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas
prioritetlər kimi müəyyənləşdirilib. Bu məqsədlərə nail olmaq üçün müasir
texnologiyaların kənd təsərrüfatında tətbiqi mühüm əhəmiyyət daşıyır. Qeyd
olunub ki, dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, ağıllı
suvarma sistemləri və süni intellekt kimi müasir texnologiyaların tətbiqi aqrar
istehsalın səmərəliliyinin artırılması üçün yeni imkanlar yaradır və əsas məqsəd
bu texnologiyaları fermerlər üçün real və praktik həllərə çevirməkdir.
Çıxışlardan sonra aqrar sahənin inkişaf perspektivləri, mövcud
imkanlar və qarşıda duran prioritet istiqamətlərə dair panel müzakirələr
keçirilib. Müzakirə zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş əsas
hədəflər və bu hədəflərin reallaşdırılması istiqamətində dövlət tərəfindən tətbiq
olunan dəstək mexanizmləri nəzərdən keçirilib.
Paneldə, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının
inkişafı üçün yaradılan imkanlar, Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri,
Böyük Qayıdış prosesi, rayonun aqrar potensialı və sahibkarların regiona cəlb
edilməsi məsələləri müzakirə olunub.
Müzakirənin digər əsas istiqamətini dövlət-özəl sektor əməkdaşlığı təşkil
edib. Özəl sektor nümayəndələri Dövlət Proqramının hədəflərinə töhfə vermək
istiqamətində həyata keçirdikləri və planlaşdırdıqları işlər, həmçinin işğaldan
azad edilmiş ərazilərdə reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat
veriblər.
Panel sessiyalar zamanı dövlət dəstəyi mexanizmləri, işğaldan azad
edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması, özəl sektorun iştirakı
və yeni əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Aqrar Biznes Festivallarının səmərəli təşkilinə Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, aqrar sahədə fəaliyyət
göstərən şirkət nümayəndələri və fermerlərə təşəkkürnamələr təqdim olunub.
Tədbir çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Ağdam,
Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov Ağdamda fəaliyyət göstərən, aralarında şəhid
analarının da olduğu müəllimlərlə görüşüb, 5 oktyabr – Beynəlxalq Müəllimlər
Günü münasibətilə təhsil işçilərini təbrik ediblər. Görüş zamanı müəllimlərə
gül dəstələri təqdim olunub, ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə kənd
təsərrüfatının gələcək kadr potensialının formalaşdırılmasında, gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsində və Vətənə layiqli vətəndaş kimi formalaşmasında təhsilin
və müəllim əməyinin əhəmiyyəti vurğulanıb. Rəsmilər müəllimlərə gələcək fəaliyyətlərində
uğurlar arzulayıb, təhsil və gənc nəslin inkişafı istiqamətində göstərdikləri fədakar
əməyin daim yüksək qiymətləndirildiyini qeyd ediblər.
Daha sonra Ağdam şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin Vətən
müharibəsi, milli qəhrəmanlıq, vətənpərvərlik və sülh mövzularına həsr etdikləri
sərgi ilə tanış olublar. Sərgidə şagirdlərin Vətənə sevgi və bağlılığını, şəhidlərin
əziz xatirəsinə ehtiramını, eləcə də sülh və əmin-amanlıq arzularını ifadə edən
yaradıcılıq nümunələri təqdim olunub.