Çində
səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti oktyabrın 13-də Ninsia Huy Muxtar Rayonunun paytaxtı İnçuan şəhərində
“Ningxia Natural Star Technology” və “Ningxia Wozhiyuan Technology” şirkətlərinin
fəaliyyəti ilə tanış olub.
“Ningxia
Natural Star Technology” şirkətində orqanik tərəvəz istehsalı, müasir istixana
texnologiyaları və ixracyönümlü aqrobiznes modeli barədə məlumat verilib.
Bildirilib ki, 2017-ci ildən Ninsia bölgəsində orqanik tərəvəz istehsalı
prioritet istiqamət kimi müəyyənləşdirilib. Açıq sahələr və Günəş enerjisindən
istifadə edən, həşəratlardan qoruyucu torlarla təchiz olunmuş istixanalar
ilboyu istehsala imkan yaradır.
Məhsullar
xüsusi soyuq zəncir sistemi vasitəsilə 1–5 dərəcə temperaturda saxlanılır və
yığımdan sonra 48 saat ərzində Honkonqa çatdırılır. Tərəvəzlər 200-dən çox pərakəndə
satış məntəqəsində realizə olunur. Şirkətin bazar tələbatına əsaslanan istehsal
modeli becərmə, emal, brend və marketinq mərhələlərini əhatə edir. Müəssisə hər
il 150-dən çox şəxsi işlə təmin edir, kənd sakinlərinin torpaq icarəsindən və təsərrüfat
fəaliyyətindən gəlir əldə etməsinə şərait yaradır.
Nümayəndə
heyəti, həmçinin “Ningxia Wozhiyuan Technology” şirkətinin Günəş enerjisi ilə
işləyən “ağıllı” istixana kompleksi ilə tanış olub. Şirkət suya qənaət edən
suvarma sistemləri, şoranlaşmış torpaqların bərpası və tullantılardan təkrar
resursların əldə edilməsi üzrə innovativ həllər tətbiq edir. Bu texnologiyalar
Günəş panellərinin altında üzüm becərilməsini, yeraltı suvarmanı və çirkab
suların təmizlənməsini də əhatə edir. Şirkətin texnologiyaları artıq 13 ölkədə
tətbiq olunur.
Məlumat
verilib ki, “ağıllı” istixanalarda Günəş enerjisindən istifadə, istilik
izolyasiyası, suvarma və gübrələmə proseslərinin vahid sistem üzərindən idarə
olunması resurslara qənaəti artırır. Şirkətin təqdim etdiyi göstəricilərə əsasən,
bu texnologiyalar ənənəvi istixanalarla müqayisədə torpaq və su ehtiyatlarından
istifadənin səmərəliliyini 35-40 faizdən çox artırır, istismar xərclərini isə təxminən
60 faiz azaldır.
Səfər
çərçivəsində orqanik istehsal, müasir istixana texnologiyaları, ixrac imkanları
və resurslardan səmərəli istifadə sahələrində qabaqcıl təcrübə öyrənilib.