Kənd
Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr
olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunub, Dövlət Himni səsləndirilib.
Kənd
təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik
edib. Nazir bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin
mühüm prioritetlərindəndir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb. Bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə,
rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə
xidmət edir.
Nazir
Məcnun Məmmədov əlavə edib ki, 2026-cı il mayın 25-də dövlət başçısının müvafiq
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyət
daşıyır. Dövlət Proqramı aqrar sahənin inkişafında yeni mərhələnin əsas istiqamətlərini
müəyyən edir. Məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi,
torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının
genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Nazir vurğulayıb ki, Dövlət
Proqramında müəyyən edilmiş hədəflərə vaxtında və səmərəli nail olunması üçün
aidiyyəti dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş
fəaliyyətin davam etdirilməsi zəruridir.
İşğaldan
azad edilmiş ərazilərdə aqrar potensialın bərpası da xüsusi əhəmiyyət daşıyır.
Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal
infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb
edilməsi ölkəmiz üçün yeni imkanlar yaradır. Aqrar siyasətin həyata keçirilməsində
mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti
dəstəklədiyini deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə
fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.
Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev bildirib
ki, Prezident İlham Əliyevin müəyyən etdiyi aqrar inkişaf strategiyası kənd təsərrüfatının
modernləşdirilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, fermerlərin
dövlət dəstəyi ilə əhatə olunmasını və yerli istehsalın artırılmasını əsas hədəflər
kimi müəyyən edir. Dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı kənd
təsərrüfatının dayanıqlı inkişafı, regionların sosial-iqtisadi tərəqqisi və kənd
əhalisinin rifahının yüksəldilməsi üçün mühüm zəmin yaradır.
Nazirlər
Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib
ki, kənd təsərrüfatı ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri
olmaqla, həyata keçirilən islahatlar, dövlət dəstəyi və müasir texnologiyaların
tətbiqi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahəyə dair
yeni Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə yanaşı emal imkanlarının genişləndirilməsi və azad
edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması sektorun uzunmüddətli
inkişaf perspektivlərini müəyyənləşdirir.
Sonra
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı
şöbəsi tərəfindən hazırlanmış, Azərbaycanın aqrar inkişaf yolunun əsas mərhələlərini,
kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları, əldə olunan nailiyyətləri
və gələcək inkişaf perspektivlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin
sonunda aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş Kənd Təsərrüfatı
Nazirliyi və Nazirliyin tabeli qurumlarının əməkdaşlarına, eləcə də “Əməkdaşların
Tanınma Proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.