Xəbərlər

"Aqrar Tədarük və Təchizat" ASC ilə Azərbaycan Arıçılar Assosiasiyası arasında əməkdaşlıq genişlənir

06 / 11 / 2026

"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov ilə görüşüb.

Görüşdə arıçılıq sahəsində əməkdaşlığın strateji istiqamətləri müzakirə olunub. Arıçıların bazara dayanıqlı çıxışının təmin edilməsi, yerli balın keyfiyyətinin və etibarlılığının artırılması, Azərbaycan balının brend kimi formalaşdırılması və ixrac imkanlarının araşdırılması əsas mövzular olub.

Elgün Məhəmmədəlizadə bildirib ki, Cəmiyyətin məqsədi arıçının məhsulunu vasitəçisiz və ədalətli şərtlərlə alıcıya çatdırmaqdır. Görüşdə işğaldan azad olunmuş ərazilərdə arıçılığın bərpasına və bu ərazilərdən olan arıçılara dəstəyə xüsusi diqqət ayrılmasının vacibliyi vurğulanıb.

Görüşdə noyabrın 20-dən dekabrın 3-dək keçiriləcək Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq da müzakirə edilib. Bu il yarmarkada 52 rayonu təmsil edən arıçılar iştirak edəcək.

Sonda iki qurum arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.