Kənd
təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monako
Knyazlığında səfərdə olub.
Səfər
çərçivəsində əvvəlcə dünyanın müxtəlif ölkələrinin şərabçılıq ənənələrini,
tarixi şərab nümunələrini və zəngin şərab kolleksiyalarını özündə birləşdirən
ixtisaslaşmış müəssisəyə baş çəkilib. Tanışlıq zamanı bu sahədə formalaşmış zəngin
təcrübə barədə məlumat əldə olunub.
Sonra
Azərbaycan nümayəndə heyəti "Francs de Pied: Heritage"
Assosiasiyasının Yüksək Toplantısında iştirak edib. Tədbirdə Monako şahzadəsi
II Albert, müxtəlif ölkələrdən rəsmi şəxslər, müvafiq dövlət qurumları nümayəndələri,
üzümçülük və şərabçılıq şirkətlərinin rəhbərləri, dünyanın nüfuzlu
investorları, maliyyə və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Nazir
Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
aqrar sektorun modernləşdirilməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər,
xüsusilə üzümçülük və şərabçılıq sahəsində mövcud ənənələrin qorunması və
inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı
məlumat verib. Bildirilib ki, Azərbaycan qədim üzümçülük və şərabçılıq tarixinə,
zəngin yerli üzüm sortlarına və əlverişli təbii-iqlim şəraitinə malikdir. Bu
potensialın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, istehsal
imkanlarının genişləndirilməsi, məhsulların beynəlxalq bazarlara çıxarılması və
sahəyə xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir.
Beynəlxalq
tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən investorlar, maliyyə
institutlarının və iri biznes strukturlarının nümayəndələri ilə fikir mübadiləsi
aparılıb. Müzakirələr zamanı Azərbaycanın aqrar sektorunda, xüsusilə üzümçülük
və şərabçılıq sahəsində mövcud investisiya imkanları, həyata keçirilən
islahatlar və əməkdaşlıq perspektivlərinə toxunulub, ölkəmizdə üzümçülük və şərabçılığın
tarixi ənənələri, Zəngilan və Göygöl rayonlarında salınmış yerli calaqsız üzüm
bağları barədə məlumat verilib. Həmçinin ölkəmizdəki qədim calaqsız üzüm
sortlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və
"Francs de Pied: Heritage" ilə birgə əməkdaşlıq çərçivəsində həyata
keçirilən layihələr diqqətə çatdırılıb.