Görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə olunub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Səfər çərçivəsində əvvəlcə
Oklahoma ştatının kənd təsərrüfatı naziri Bleyn Artur (Blayne Arthur) ilə ikitərəfli
görüş keçirilib.
Nazir Məcnun Məmmədov Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq
münasibətlərinin aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin
yaratdığını bildirib. 2019-cu ildən Oklahoma ştatı ilə inkişaf edən aqrar əlaqələrin
daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayan nazir rəqəmsallaşma, süni
intellekt, müasir suvarma texnologiyaları və elmi tədqiqatlar sahəsində ABŞ təcrübəsinin
öyrənilməsinin, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Bleyn Artur Azərbaycanın aqrar sahədə həyata keçirdiyi tədbirlərin
maraq doğurduğunu, Azərbaycan ilə Oklahoma arasında uzun illərə söykənən əlaqələrin
kənd təsərrüfatı sahəsində də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
O, yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladaraq, əməkdaşlığın genişləndirilməsi
üçün imkanların olduğunu bildirib. Həmçinin, Azərbaycan Dövlət Aqrar
Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında tərəfdaşlığın inkişafı,
ikili diplom proqramları, tələbə və mütəxəssis mübadiləsi, birgə təlim və təcrübə
proqramlarının təşkili məsələləri diqqətə çatdırılıb.
Səfər çərçivəsində Oklahoma ştatı qubernatorunun müavini Mett Pinnell
və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Tomas H. Mançino ilə də
görüşlər keçirilib. Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ticarət və
investisiya əlaqələrinin inkişafı, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi
imkanları müzakirə olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa
və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və həmin ərazilərin
iqtisadi potensialının reallaşdırılması barədə məlumat verilib. Qarabağ və Şərqi
Zəngəzurda kənd təsərrüfatının rəqəmsal texnologiyalar əsasında, beynəlxalq
standartlara uyğun və iqlim dəyişikliklərinə davamlı model üzrə inkişaf
etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı
Tədqiqatları Xidmətinin (ARS) Otlaq Sahələri üzrə Elmi-Tədqiqat
Laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Laboratoriyada otlaq və yem
bitkilərinin məhsuldarlığının artırılması, torpaq və təbii resurslardan səmərəli
istifadə, iqlim dəyişikliklərinin otlaq ekosistemlərinə təsirlərinin öyrənilməsi
istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib. Görüşdə Azərbaycanın
heyvandarlıq sektorunda yem bazasının gücləndirilməsi və otlaq sahələrinin səmərəli
idarə olunması baxımından qabaqcıl təcrübənin tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlıq
və mütəxəssis mübadiləsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan kənd təsərrüfatı
şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı
naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq
və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri, aqrar sektorun
inkişaf prioritetləri və ölkəmizdə mövcud investisiya imkanları barədə təqdimatla
çıxış edib. Azərbaycanda əlverişli biznes mühiti barədə məlumat verən nazir
şirkət nümayəndələrini Azərbaycanın aqrar sektoruna sərmayə yatırmağa dəvət
edib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər və kənd təsərrüfatının
müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında
fikir mübadiləsi aparıblar.