Amerika Birləşmiş Ştatlarına işgüzar səfər
zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə Oklahoma Dövlət Universitetinin (OSU) Kənd Təsərrüfatı Elmləri və Təbii
Ehtiyatlar Bölməsinin vitse-prezidenti Ceyson Lask və OSU Global-ın dekanı
Rendi Kluver arasında görüş keçirilib.
Nazir Məcnun Məmmədov Azərbaycan Dövlət
Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (OSU) arasında əməkdaşlığın
əhəmiyyətini vurğulayaraq, aqrar təhsil və elmi-tədqiqat sahəsində birgə fəaliyyətin,
müasir texnologiyaların tətbiqinin, eləcə də tələbə və mütəxəssis mübadiləsinin
genişləndirilməsinin vacibliyini qeyd edib. O, 2026-cı ildə Strateji Tərəfdaşlıq
Sazişinin yenilənməsi və ikili magistr proqramının həyata keçirilməsinə dair Fəaliyyət
Memorandumunun imzalanması barədə məlumat verib. Hazırda proqram üzrə seçim
prosesi davam edən beş tələbənin 2027-ci ilin sentyabrında Oklahoma Dövlət
Universitetində təhsilə başlaması nəzərdə tutulur. Nazir, həmçinin torpaq və su
ehtiyatlarının idarə olunması, heyvandarlıq genetikası və digər aqrar istiqamətlərdə
birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarına toxunub.
Görüşdən sonra nümayəndə heyəti
universitetin elmi-tədqiqat infrastrukturu ilə tanış olub, bitkiçilik, torpaq və
su ehtiyatlarının idarə olunması, heyvandarlıq və yem bitkiləri sahələrində
aparılan tədqiqatlar barədə məlumat alıb.
Nümayəndə heyəti, həmçinin Langston
Universitetinin nümayəndələri ilə də görüş keçirib. Görüşdə aqrar təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlıq, təcrübə
mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
Həmçinin Robert M. Kerr adına Qida və Kənd
Təsərrüfatı Məhsulları Mərkəzinə (FAPC) səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının
emalı, keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi, innovativ
texnologiyaların tətbiqi və məhsulların əlavə dəyərinin artırılması sahəsində təcrübə
ilə tanışlıq olub.
Sonra heyvandarlıq təsərrüfatına baxış
keçirilib, damazlıq, genetik seleksiya və heyvan məhsuldarlığının artırılması
ilə bağlı öyrənilib.
Səfər çərçivəsində nümayəndə heyəti
Merilend Universitetinin Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar Kollecinin rəhbərliyi
ilə də görüşüb. Nazir Məcnun Məmmədov aqrar sektorun müasirləşdirilməsi, rəqəmsallaşma,
torpaq və su ehtiyatlarından səmərəli istifadə və peşəkar kadr hazırlığının əsas
prioritetlər olduğunu bidirib. Merilend Universiteti ilə elmi-tədqiqat, ikili
diplom proqramları, akademik mübadilə və müasir aqrotexnologiyaların tətbiqi
istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın
olmasından bəhs edib.
Tədbirdə nümayəndə heyətinə Rəqəmsal və Dəqiq
Kənd Təsərrüfatı Laboratoriyasında süni
intellekt, ağıllı suvarma sistemləri və müasir aqrotexnologiyalar sahəsində
aparılan tədqiqatlar barədə məlumat verilib.