Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Qəbul cədvəlinə
uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 25-də Culfa Dövlət
Aqrar İnkişaf Mərkəzinin binasında Culfa, Babək, Kəngərli, Ordubad, Sədərək,
Şahbuz rayonları və Naxçıvan şəhərindən olan vətəndaşlarla görüşüb, onların
müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Əvvəlcə nazir Məcnun
Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini
dərin hörmət və ehtiramla yad edib.
Nazirliyin idarə
və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların
müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların
genişlənməsinə dəstək, texnika ilə təmin olunma, suvarma və digər məsələlərlə
bağlı olub.
Nazir Məcnun Məmmədov
hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli
öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll
edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir
qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə
götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq
qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla
görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar
sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli
istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin
müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi
tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının
inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının
rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyi
vurğulanıb.
Sonra nazir Məcnun
Məmmədov Dövlət Proqramı çərçivəsində Ordubad rayonunun Dəstə kəndi ərazisində
yaradılması nəzərdə tutulan korporativ təsərrüfatın ərazisinə baxış keçirib.
Nazirə layihənin əsas istiqamətləri, nəzərdə tutulan işlər və təsərrüfatın gələcək
fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, yeni yaradılacaq korporativ təsərrüfatda
meyvəçilik, taxılçılıq və tərəvəzçilik sahələrinin inkişafı, müasir yanaşmalar əsasında
kənd təsərrüfatı istehsalının təşkili nəzərdə tutulur. Nazir Məcnun Məmmədov ərazidə
görülən işlər, təsərrüfatın səmərəli təşkili və qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə
bağlı tapşırıq və tövsiyələrini verib.