Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçirib.
Baxış zamanı sərgi pavilyonlarında kənd təsərrüfatı,
qida sənayesi, aqrar texnologiyalar, suvarma sistemləri, kənd təsərrüfatı
texnikaları və emal sənayesi sahələrində fəaliyyət göstərən yerli və xarici
şirkətlərin stendləri ziyarət edilib. Təqdim olunan innovativ məhsullar, müasir
texnologiyalar və yeni xidmətlər barədə ətraflı məlumat verilib.
Ziyarətçilər Kənd Təsərrüfatı Nazirliyinin geniş və
çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendində də olub. Burada aqrar sahədə
innovasiya və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrə
xüsusi yer ayrılıb. Stenddə aqrar sahədə dövlət dəstəyi, innovasiya, elm,
startap ekosistemi və özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək
ziyarətçilər üçün geniş məlumatlandırma və əməkdaşlıq imkanları yaradıb.
Sərgidə aqrar startapçılar və müxtəlif universitetlərin
tələbələri “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni
intellektin tətbiqi” layihələri çərçivəsində innovativ həllər, texnoloji məhsullar
və prototipləri ilə çıxış ediblər. Nümayiş olunan innovativ həllər arasında
ağıllı kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri,
avtomatlaşdırılmış idarəetmə həlləri və məhsuldarlığın artırılmasına yönəlmiş
texnoloji yanaşmalar yer alıb.
Sərgidə un məmulatları və şokoladdan hazırlanmış əl
işlərinə də baxış keçirilib. Qeyd olunub ki, Azərbaycan və Belarusdan olan
kulinar mütəxəssislər tərəfindən hazırlanmış 18 miniatür əl işi kənd təsərrüfatı
mövzusuna həsr olunub. Bu əl işlərindən ən tezi iki həftəyə, ən geci 3 aya
hazırlanıb.
“Caspian Agro” və “InterFood Azerbaijan” regionun
aqrar və qida sənayesi sahəsində ən nüfuzlu tədbirlərindən biri hesab edilir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri hər il dünyanın müxtəlif ölkələrindən
yüzlərlə şirkət, investor və mütəxəssisi bir araya gətirərək aqrar və qida sənayesi
sahəsində yeni əməkdaşlıq platforması rolunu oynayır.
Baxış zamanı aqrar sahədə innovasiyaların tətbiqi, ərzaq
təhlükəsizliyinin təmin olunması, məhsuldarlığın artırılması və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Sərgilərin kənd təsərrüfatı
və qida sənayesinin inkişafına, həmçinin yerli istehsalçıların beynəlxalq
bazarlara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşlər zamanı aqrar sektorun inkişafı, müasir texnologiyaların tətbiqi və
beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.