27-28
iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat”
ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək.
Azərbaycanın
müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları
Mövsüm yarmarkasında satışa çıxara biləcəklər.
Tədbirdə
ölkənin müxtəlif bölgələrindən 20-ə yaxın regiondan , 40-a yaxın fermer iştirak
edəcək. Fermerlər 100-ə yaxın çeşiddə və 10 tona yaxın kənd təsərrüfatı və qida
məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.
Fermerlər
yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz
şəkildə təmin olunacaqlar.
Nərimanov
rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı,
Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 2 gün müddətində
fasiləsiz davam edəcək. İştirak etmək istəyən fermerlər 26.06.2026-cı il
tarixinədək 050 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya, eləcə də “Aqrar tədarük və təchizat” ASC və “Kənddən Şəhərə” yarmarkasının sosial şəbəkə hesabları
üzərindən müraciət edə bilərlər.
Yarmarkanın
təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək,
onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin
təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Qeyd
edək ki, yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə
bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida
Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər.