Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan
Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının
istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində Butik Şərabçılıq qrupunun ilk görüşü keçirilib.
Görüşdə beynəlxalq səviyyədə tanınmış şərab və
qastronomiya eksperti, “Merano Wine Fest”in təsisçisi və prezidenti Helmes
Koxer, İtaliya-Azərbaycan cəmiyyətinin sədri, “Merano Wine Fest”in Azərbaycan
üzrə nümayəndəsi Rəşad Qurbanov və qrupun üzvləri iştirak edib.
Görüşdə qrupun fəaliyyət istiqamətləri və şərab
istehsalının təşviqi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Butik Şərabçılıq
Qrupunun katibi Sona Abdullayeva layihənin məqsədi, əsas fəaliyyət istiqamətləri,
icra planı, gözlənilən nəticələr və şərabçılıq sektorunun inkişafı üzrə
prioritetlər barədə təqdimatla çıxış edib.
Helmes Koxer beynəlxalq təcrübələrə əsaslanaraq
yüksək keyfiyyətli şərabların istehsalı və tanıdılmasından, ixracyönümlü şərabçılığın
inkişafından və beynəlxalq bazarlara çıxış imkanlarından bəhs edib.
Sonda qrupun fəaliyyətinin təşkili, qarşıdakı
prioritetlər və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb,
iştirakçıların təklifləri dinlənilib.