Oktyabrın 7-də Milli Məclisin Aqrar siyasət
komitəsinin ictimai dinləmə formatında iclası keçirilib. İclasda birinci
oxunuşda olan iki məsələ - “Aqrar sahə haqqında” və “Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”,
“Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə
çıxarılıb.
Komitə sədri Tahir Rzayev iclası açaraq Azərbaycan
Prezidenti cənab İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı
inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı
torpaqlarından istifadənin səmərəliliyini artırmaqla aqrar məhsulların
istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini
başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.
O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı,
balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin
inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini,
“Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunların qəbul edildiyini, “Məhsul
şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirədən keçdiyini söyləyib.
Tahir Rzayev bu gün təqdim olunan “Aqrar sahə
haqqında” qanun layihəsinin sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən
irəli gələrək hazırlandığını bildirib. O, sənədin aqrar sahədə dövlət tənzimlənməsi
və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən
etdiyini deyib. Qeyd edib ki, aqrar sahədə müxtəlif və çoxsaylı qanunlar mövcud
olsa da, müasir dövrdə onların sistemləşdirilməsi, bu istiqamətdə vahid
qanunvericilik bazasının yaradılması və hüquqi çərçivədə vahid yanaşmanın tətbiqi
zəruridir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi baza qanunu kimi
xarakterizə olunur. Qanunun qəbulu ilə “Taxıl haqqında”, “Çayçılıq haqqında”,
“Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv
olunur, onların aktual müddəaları yeni qanuna daxil edilir.
Komitə sədri ölkə başçısı tərəfindən həyata
keçirilən mühüm tədbirlərin, əldə olunan nəticələrin, imzalanan sənədlərin və qəbul
edilən qanunların geniş təşviq olunmasının əhəmiyyətindən danışıb. O, Prezident
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çağırışını
xatırladaraq, Azərbaycan reallıqlarının, ölkədə görülən işlərin və mövcud müsbət
ab-havanın daim ictimai müzakirələrdə saxlanılmasının vacibliyini vurğulayıb.
O, görülən işlərin qiymətləndirilməsi üçün, həmçinin
bu sahəyə göstərilən diqqət və maraq nəzərə alınaraq, Milli Məclisin sədri
Sahibə Qafarovanın təqdim olunan qanun layihəsinin daha geniş – ictimai dinləmə
formatında müzakirə edilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Komitə sədri
müzakirələrin belə yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə parlament
sədrinə minnətdarlığını ifadə edib.
Diqqətə çatdırılıb ki, “Aqrar sahə haqqında”
Qanunun məqsədi ölkənin ərzaq təhlükəsizliyini, kənd yerlərinin dayanıqlı
inkişafını təmin etmək, məşğulluğu artırmaq, kənddən şəhərə axını azaltmaq,
aqrar sahənin rəqabət qabiliyyətini, investisiya cəlbediciliyini və ixrac
potensialını yüksəltməkdir. Eyni zamanda, dəstək mexanizminin təkmilləşdirilməsi,
insan resurslarının hazırlanması, heyvan və bitki sağlamlığının qorunması,
iqtisadi fəaliyyətin şaxələndirilməsi məsələləri də mühüm əhəmiyyət
daşıyır. Layihədə aqrar sahənin inkişafına dair dövlət siyasətinin
formalaşdırılması, dövlət nəzarətinin təşkili və həyata keçirilməsi, dövlət dəstəyinin
təmin edilməsi vacib hesab olunur. Qeyd edilib ki, torpaq və su kimi təbii
resursların qorunması, ekoloji tarazlığın təmin edilməsi, heyvandarlıq, heyvan
sağlamlığı və aqrar xidmətlərin təşkili dövlət orqanlarının birgə fəaliyyətini
zəruri edir.
Sonra tədbirdə kənd təsərrüfatı naziri Məcnun
Məmmədov çıxış edib. O, müzakirəyə təqdim edilən qanun layihəsinin aqrar sahənin,
ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişikliklərinə
adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin
hüquqi əsaslarını müəyyən etdiyini bildirib.
Nəzərə çatdırılıb ki, sənəddə 47 əsas anlayış
qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye
emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir.
Daha bir mühüm yenilik dövlət dəstəyi ilə
bağlıdır. Belə ki, aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və
ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki
kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına
qədər 12 dəstək aləti ilk dəfə olaraq qanunda təsbit edilir. Bildirilib ki, dəstək
informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək.
Layihədə dövlətin aqrar sahədəki 32 istiqamət üzrə vəzifələri müəyyən edilir.
Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun
azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb edilməsi və sair
daxildir.
Nazir bildirib ki, sənəddə torpaq dövlət tərəfindən
qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin,
konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə
yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin
yandırılmasının qarşısı alınır. Bununla yanaşı, su itkilərini azaldan suvarma
sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir.
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və
adaptasiya tədbirləri tənzimlənir.
Layihədə kənd yerlərinin inkişafına da xüsusi
yer ayrılır. Aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və
aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Bazar, yarmarka, fermer
mağazası, səyyar satış yerləri, elektron platformalar kimi satış yerlərinin
növləri müəyyən edilir. Aqrar kooperativlərə satış yerləri təşkil etmək hüququ
verilir.
Qeyd edilib ki, qanunun qəbulu aqrar sahədə
normativ tənzimləmənin vahidləşdirilməsini, dövlət dəstəyinin ünvanlı və şəffaf
olmasını, resurslardan səmərəli istifadəni təmin edəcək.
Müzakirələrdə Milli Məclisin komitə və
komissiya sədrləri Siyavuş Novruzov, Sadiq Qurbanov, Eldar İbrahimov, Aqrar
siyasət komitəsinin sədr müavini Razi Nurullayev, deputatlar Tahir Mirkişili,
Əlibala Məhərrəmzadə, Asif Əsgərov, Vüqar İskəndərov, Aydın Hüseynov, Fatma
Yıldırım, Elman Məmmədov, Elman Nəsirov, Rövşən Muradov, Azər Badamov məsələ
barədə öz fikirlərini açıqlayıblar.
Tədbirdə iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyinin sədr müavini Əli Nəbiyev, Azərpambıq ASC Sabirabad filialının
direktoru Əfras Əsgərov, Azərbaycan Dövlət Aqrar
Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin sədr müavini İlham Bayramov, Kənd Təsərrüfatı Nazirliyi yanında
İctimai Şuranın sədri, “Quş əti, yumurta İstehsalçıları və İxracatçıları
Assosiasiyası” İctimai Birliyinin sədri, “Xəmsə M” MMC-nin təsisçisi və
direktoru Mürvət Həsənli, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və
İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri, “Buta Group” MMC-nin təsisçisi
Bəşir Quliyev layihə ilə bağlı qeyd və təkliflərini səsləndiriblər.
Çıxışlarda sənədin əhəmiyyəti, gətirdiyi
yeniliklər və sahənin gələcək tənzimlənməsi barədə söhbət açılıb. Həmçinin ölkəmizdə
kənd təsərrüfatının mövcud vəziyyəti, aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində aparılan ardıcıl islahatlara toxunulub. Qanun
layihəsinin torpaq və su resurslarından səmərəli istifadə, bərpaolunan enerji,
ekoloji tarazlıq, istehsalın davamlılığı, kəndlərin tərəqqisi, eləcə də
"yaşıl" texnologiyaların tətbiqi baxımından xüsusi önəm kəsb etdiyi
vurğulanıb.
Sonra komitədə “Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”,
“Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda nəzərdən
keçirilib.
Bildirilib ki, layihə “Aqrar sahə haqqında”
qanun layihəsinə uyğun olaraq hazırlanıb və onun normalarının, o cümlədən həmin
qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi
məqsədi daşıyır.
İclasda müzakirəyə çıxarılan hər iki qanun
layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə deputatlar Xanlar Fətiyev, Malik Həsənov,
Ağalar Vəliyev, Heydər Əsədov, Nigar Arpadarai, Bədəl Bədəlov, Afət Həsənova,
Eyvaz Qurbanov, Vüqar Rəhimzadə, Jalə Əliyeva, İlham Məmmədov, Mahir
Süleymanlı, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, parlament
Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, aidiyyəti
qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.