Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun
Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella
Bassani ilə görüşüb.
Dünya Bankının Vaşinqtondakı mənzil-qərargahında
keçirilən görüşdə Azərbaycanla qurum arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın
genişləndirilməsi, eləcə də hazırlanmaqda olan “Dayanıqlı və rəqabətqabiliyyətli
kənd təsərrüfatının inkişafı və suvarma sistemlərinin təkmilləşdirilməsi” layihəsi
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatının
inkişafının Azərbaycan hökumətinin strateji prioritetlərindən biri olduğunu
bildirib. O, Dünya Bankı ilə əvvəlki layihələr çərçivəsində qurulmuş uğurlu əməkdaşlığı
xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində birgə fəaliyyətin genişləndirilməsində
maraqlı olduqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas
məqsədi daha az resursdan istifadə etməklə kənd təsərrüfatında məhsuldarlığı
artırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək, elmi tədqiqat və təhsil
imkanlarını inkişaf etdirməkdir.
Məcnun Məmmədov xüsusilə su ehtiyatlarından
səmərəli istifadənin vacibliyinə diqqət çəkib. O bildirib ki, hazırda Azərbaycanda
1,5 milyon hektar suvarılan torpaq sahəsinin 130 min hektarında müasir suvarma
sistemləri tətbiq olunur. Yeni proqram çərçivəsində bu göstəricinin 300 min
hektara çatdırılması nəzərdə tutulur.
Görüşdə fermerlərin maliyyə resurslarına
çıxış imkanlarının genişləndirilməsi, torpaqların konsolidasiyası və kənd təsərrüfatında
rentabelliyin artırılması məsələləri də müzakirə olunub. Nazir kiçik və orta
fermer təsərrüfatlarının maliyyələşdirilməsində mövcud çətinliklərə diqqət çəkərək
yeni kredit mexanizmlərinin və dövlət dəstəyi alətlərinin əhəmiyyətini
vurğulayıb.
Dünya Bankının vitse-prezidenti Antonella
Bassani Azərbaycanın kənd təsərrüfatının inkişafı istiqamətində müəyyənləşdirdiyi
prioritetlərin bankın strateji hədəfləri ilə uzlaşdığını bildirib. O, xüsusilə
suvarma infrastrukturunun modernləşdirilməsi, fermerlərin bazarlara və maliyyə
resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı
davam etdirməyə hazır olduqlarını ifadə edib.
Antonella Bassani Dünya Bankının
“AgriConnect” təşəbbüsünə də toxunaraq kənd təsərrüfatının iqtisadi artım, yeni
iş yerlərinin yaradılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini
vurğulayıb. O, həmçinin hazırlanmaqda olan layihənin icrasının sürətləndirilməsinin
və əldə ediləcək nəticələrin fermerlərə daha qısa müddətdə çatdırılmasının
vacibliyini qeyd edib.