ABŞ-a səfər çərçivəsində kənd təsərrüfatı
naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Ştatlarının
Kənd Təsərrüfatı Departamentləri Milli Assosiasiyasının (NASDA) baş icraçı
direktoru Ted Makkinni arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı sahəsində
həyata keçirdiyi islahatlar, dövlət proqramları, aqrar assosiasiyaların və
kooperasiyaların fəaliyyəti, eləcə də kənd təsərrüfatı sahəsində dövlət-özəl tərəfdaşlığının
inkişafı məsələləri müzakirə olunub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda
aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, fermerlərin təşkilatlanmasının
təşviqi, assosiasiyaların institusional potensialının gücləndirilməsi və
onların kənd təsərrüfatının inkişafındakı rolu barədə məlumat verib. Nazir, həmçinin
Azərbaycan ilə ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi,
bu prosesdə aqrar assosiasiyaların iştirak imkanlarına toxunub. Məcnun Məmmədov
qeyd edib ki, assosiasiyaların və kooperasiyaların inkişafı kənd təsərrüfatında
istehsalın səmərəliliyinin artırılması, fermerlərin maraqlarının qorunması,
resurslardan daha optimal istifadə və onların bazarlara çıxış imkanlarının
genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nazir əlavə edib ki,
müasir assosiasiya və kooperasiya modeli fermerlərin könüllü birliyi,
qarşılıqlı maraqları və iqtisadi səmərəlilik prinsipləri əsasında formalaşır.
Nazir torpaqların konsolidasiyası məsələsinin
də aqrar sektorun rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini
vurğulayıb. Bildirilib ki, Azərbaycanda adambaşına düşən kənd təsərrüfatına
yararlı torpaq sahələrinin məhdudluğu şəraitində torpaq sahələrinin könüllü
birləşdirilməsi və daha səmərəli idarə olunması iri həcmli, rəqabətqabiliyyətli
təsərrüfatların formalaşmasına imkan yarada bilər. Diqqətə çatdırlıb ki, bu
baxımdan torpaqların konsolidasiyası ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi
və Milli Məclis tərəfindən müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsi
mühüm əhəmiyyət kəsb edir.
NASDA-nın baş icraçı direktoru Ted Makkinni
aqrar sahədə beynəlxalq tərəfdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini
vurğulayıb. O, ABŞ-ın aqrar assosiasiyalarının formalaşması və fəaliyyəti sahəsində
əldə etdiyi təcrübəni, institusional bilik və praktiki yanaşmaları Azərbaycan tərəfi
ilə bölüşməyə hazır olduqlarını bildirib. Eyni zamanda, assosiasiyalarla dövlət
qurumları arasında əməkdaşlığın, o cümlədən dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin
inkişafı istiqamətində təcrübə mübadiləsinin və tövsiyələrin təqdim edilməsinin
mümkünlüyü qeyd olunub.
Tərəflər aqrar assosiasiyaların
institusional gücünün artırılması, fermerlərin təşkilatlanmasının təşviqi və Azərbaycan-ABŞ
aqrar əməkdaşlığının genişləndirilməsi istiqamətində əlaqələrin davam etdirilməsinin
əhəmiyyətini vurğulayıblar.