Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən idarə olunan “Tedaruk.az”
elektron portalı üzrə bu ilin 6 ayının nəticələri açıqlanıb. Hesabat dövründə
portal vasitəsilə dövlət sifarişi əsasında ümumi dəyəri 66 932 307,86 manat
olan ərzaq məhsulları satın alınıb. Bu müddət ərzində 112 satınalan təşkilat
elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun
tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73
regionunu əhatə edib.
Tedaruk.az elektron portalı dövlət sifarişi
ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata
keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının
və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli
istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək
onların bazara çıxışına əlavə dəstək verir.
“Aqrar Tədarük və Təchizat” ASC bundan
sonra da elektron satınalma mexanizmlərinin təkmilləşdirilməsi, yerli
istehsalçıların dəstəklənməsi və dövlət qurumlarının keyfiyyətli ərzaq məhsulları
ilə dayanıqlı təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam
etdirəcək.