Macarıstanın
paytaxtı Budapeşt şəhərində “17-ci Beynəlxalq LANDNET İşçi Görüşü və Ailə Təsərrüfatları
üzrə İkinci Regionlararası Dialoq” keçirilir. Sentyabrın 11-dək davam edəcək tədbir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş
tutur.
Tədbirdə
torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində
gələcəyə baxış, ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi rəqabətqabiliyyətli
kənd təsərrüfatı sektorunun formalaşdırılması, gənclər və qadınlar da daxil
olmaqla əhali üçün layiqli yaşayış şəraiti yaradan dinamik kənd ərazilərinin
inkişafı, eləcə də iqlim dəyişikliyi də daxil olmaqla, kənd ərazilərinin üzləşdiyi
çağırışlara hazırlığın gücləndirilməsi məsələləri müzakirə olunur.
Görüş çərçivəsində
torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiyanın geniş
müzakirəsi də nəzərdə tutulub. Strategiya bir-birini tamamlayan bu iki torpaq
idarəetmə alətinin tətbiqi üçün daha geniş siyasət çərçivəsi müəyyən edir,
onların müxtəlif problemlərin həllində tətbiq mexanizmlərini və proqram səviyyəsində
həyata keçirilməsi üçün zəruri addımları əhatə edir.
Tədbir çərçivəsində
torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri
və ekspertlərlə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.1.1.3-cü bəndinin – torpaqların
konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi
– icrası ilə bağlı məsələlər də müzakirə edilir.
Bu çərçivədə
Dünya Bankı ilə əməkdaşlıq əsasında Qəbələ və Salyan rayonlarında torpaqların
konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi imkanlarının
müzakirəsi nəzərdə tutulub.
Qeyd edək
ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas
məqsəd kənd təsərrüfatı torpaqlarının həddindən artıq parçalanmasının
qarşısının alınması, təsərrüfatların orta ölçüsünün artırılması və daha səmərəli
təsərrüfat strukturlarının formalaşdırılmasıdır.
Bu alətlər,
həmçinin kənd ərazilərinin inkişafı və iqlim dəyişikliyinin yaratdığı
çağırışlara cavab verilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli
idarə olunmasına, o cümlədən onların yeni məqsədlər üçün istifadəsinin təşkilinə
imkan yaradır.
Torpaqların
konsolidasiyası və torpaq bankçılığı dövlət mülkiyyətində olan kənd təsərrüfatı
təyinatlı torpaqların aktiv idarə edilməsi və icarələrin təşkili kimi digər
torpaq idarəetmə alətləri ilə kompleks şəkildə tətbiq oluna bilər.