Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ağdaş şəhərində növbəti “Kənddən
Şəhərə” yarmarkası təşkil olunub.
Ağdaş şəhəri, Heydər Əliyev prospekti 4
ünvanında keçirilən yarmarkada Ağdaş Rayon İcra Hakimiyyətinin və “Aqrar Tədarük
və Təchizat” ASC-nin məsul şəxsləri iştirak ediblər. Onlara yarmarkanın təşkili,
kənd təsərrüfatı və qida məhsullarının satışı barədə məlumat verilib.
Qeyd olunub ki, “Kənddən Şəhərə”
yarmarkalarının Ağdaş şəhərində və respublikanın digər regionlarında mütəmadi
keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs yerli istehsalçıların məhsullarını
daha geniş auditoriyaya təqdim etməsinə, fermerlərlə istehlakçılar arasında
birbaşa əlaqələrin qurulmasına və yerli məhsulların satış imkanlarının genişləndirilməsinə
şərait yaradır.
Yarmarkada respublikanın müxtəlif
regionlarından olan 45-ə yaxın fermer tərəfindən 50 çeşiddə, ümumilikdə 6 tona
yaxın kənd təsərrüfatı və qida məhsulunun satışı həyata keçirilib. Yarmarkada
fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin
olunublar.