Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat”
ASC-nin təşkilatçılığı, “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən
Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına
dəstək tədbirləri davam etdirilir.
Layihə çərçivəsində növbəti dəstək Şamaxı rayonunda fəaliyyət
göstərən və “Mistika” şərablarının istehsalı ilə məşğul olan “Üzümçü” ailə kəndli
təsərrüfatına göstərilib. Təsərrüfata şərab istehsalı üçün avadanlıq,
qablaşdırma və satış istiqamətlərində dəstək verilib.
Görülən işlərlə tanış olmaq məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin,
“Aqrar Tədarük və Təchizat” ASC-nin, İsmayıllı Regional Turizm İdarəsinin və
digər qurumların nümayəndələrinin təsərrüfata səfəri təşkil olunub. Səfər
zamanı qonaqlar şərab istehsalı və emalı prosesi ilə yaxından tanış olublar.
“Üzümçü” ailə kəndli təsərrüfatının sahibi Rahib Heydər qonaqlara
təsərrüfatın fəaliyyət istiqamətləri, istehsal potensialı və gələcək planları
barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı illərdə istehsal həcminin
artırılması və üzüm bağlarının genişləndirilməsi əsas prioritetlər
sırasındadır.
Əsasən üzümçülük və şərabçılıqla məşğul olan “Üzümçü” ailə kəndli
təsərrüfatı Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşir və 4 hektar ərazini
əhatə edir. Təsərrüfatda Merlot üzüm sortundan istifadə edilməklə, klassik üsul
və müasir texnologiyalar əsasında üç çeşiddə şərab istehsal olunur. İllik
istehsal həcmi 4 ton təşkil edir.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə
aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun
artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanallarının
yaradılması, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm
imkanlarının formalaşdırılmasıdır.
Layihə çərçivəsində indiyədək ümumilikdə 39 təsərrüfata turizm
potensialının artırılması istiqamətində dəstək göstərilib. Həmçinin, 500 fermer
üçün aqroturizm üzrə təlimlər keçirilib, təsərrüfat sahiblərinin turizm şirkətləri
ilə əlaqələrinin qurulması məqsədilə 7 infotur təşkil edilib.